Sportnet.az "Bakı”nın 20 yaşlı müdafiəçisi Eltun Hüseynovun klubun rəsmi saytına müsahibəsini təqdim edir...
- "Bakı”nın əsas heyət oyunçusu kimi ilk təəssüratların necə oldu?
- Hələ ötən mövsümdə əvəzedici heyətin kapitanı olduğum zaman əsas komandanın məşqlərində iştirak edirdim. Bir gün əsas komandada oynayacağımı gözləyirdim. Nə yaxşı ki yetirməsi olduğum klubun birinci komandasında oynamaq şansı qazandım. "Bakı”da oynadığım üçün fərəh və qürur hissi keçirirəm. Bizə üstünlük verdiyi üçün rəhbərlik və məşqçi korpusuna təşəkkür edirəm. Onların sayəsində biz geniş publikaya təqdim olunuruq. Bizə verilən bu şansdan maksimum yararlanmağa çalışırıq. Əsas məqsədimiz futbol oynayaraq bərkiyib gələn il daha da iddialı olmaqdır.
- Ötən mövsüm əvəzedicilərin çempionatında oynayırdın. İndi isə Premyer Liqada. Bu iki birincilik arasında fərqli cəhətləri nədə görürsən?
- Fərq çoxdur. Əvəzedicilərlə nisbətdə burada temp daha yüksəkdir. Təcrübəli oyunçular daha çoxdur. Premyer Liqada gənclər üçün oynamaq çox çətindir. Buna baxmayaraq, hər bir oyunda təcrübəli futbolçulardan nə isə öyrənirik. Qarşılaşdığımız futbolçular nə qədər təcrübəli olsalar da, onların qarşısını almaq üçün güc və istedadımız var.
- Son illər təkcə "Bakı”da yox, Azərbaycan futbolunda gəncləşdirmə siyasəti aparılır. Bu prosses millidən də yan keçmir. Ümumiyyətlə, milli komandada çıxış etmək barədə düşünürsənmi?
- Hər bir futbolçu kimi, milli komandada oynamaq mənim də arzumdur. Bu mövsüm əsas məqsədlərimdən biri də Berti Foqtsun diqqətini çəkib milliyə dəvət almaqdır. Təəssüf ki, bu günə kimi nədənsə aşağı yaş qrupları üzrə millilərdə çıxış edə bilməmişəm. Düzdür, bir neçə dəfə dəvət edilsəm də, zədə səbəbindən şansımı əldən vermişəm. Bu dəfə heç bir problem yoxdur. Çağırsalar, hazıram.
- Bu mövsüm "Bakı"nın siması dəyişib. Klubun akademiyasında fürsət gözləyən onlarla istedadlı yeniyetmə və gənclərə hansı məsləhətlərin var?
- Mən də gəncəm. Aramızda ciddi yaş fərqi yoxdur. Akademiyadakı uşaqlar bizə mənəvi cəhətdən böyük dəstək verirlər. Məşqə gedərkən qarşımıza çıxan uşaqlar, yeniyetmələr hər kəs bizim kimi olacaqlarını deyirlər. Onlar arasında çox istedadlı uşaqlar var. Bir neçə ilə onları da tanıyacaqsınız. Onlara bu yolda uğurlar arzulayıram. Məşqləri buraxmasınlar. Fərdi məşqlər edib çatışmayan cəhətlərini aradan qaldırsınlar. Hər kəsə hörmətlə yanaşsınlar. Böyük-kiçiyi itirməsinlər. Biz də illərlə müxtəlif liqalarda oynayaraq bu günə gəlib çatmışıq. Onlar da bu etaplardan üzüağ çıxmalıdır. İnşallah bundan sonra onlarda da alınacaq.