
Bu mövsüm Azərbaycan Kubokunun keçirilmə formasında müəyyən dəyişikliklər olacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Muayev açıqlama verib.
O bildirib ki, kubokda daha layiqli klubların mübarizə aparmalarına çalışıblar: "İstədik ki, Avrokuboklara da vəsiqə qazananda ölkəmizi uğurla təmsil etsinlər. Buna görə kubokda iddiasız komanda olmayacaq".
Musayev Premyer Liqada, eləcə də kubok oyunlarında hakim səhvlərinə də toxunub. O deyib ki, belə səhvlərin olmaması üçün bacardıqlarını edəcəklər: "Hakim səhvi hər yerdə var. Biz də çalışacağıq ki, Azərbaycan çempionatında, kubok oyunlarında kobud səhvlər olmasın. Eyni zamanda kubokun oyunları da Premyer Liqada istifadə edilən toplarla keçiriləcək".
Sonda "Qarabağ"ın Avroliqanın qrupuna düşməsi ilə bağlı da danışan Musayev eyni uğuru digər klubların da təkrarlamaq üçün imkanlarının olduğunu deyib: "Qarabağ"a görə çox sevinirəm. Təbii ki, bunu "Neftçi" ilə "İnter"də edə bilərdi. Lakin onlar hakim haqsızlığı ucbatından Avroliqanın qrupuna düşə bilmədilər".