ABŞ və Azərbaycan milli komandaları arasında mayın 27-də keçirilmiş oyunla bağlı yaranan bilet qalmaqalına AFFA-dan rəsmi münasibət bildirilib. Sportnet.az-ın məlumatına görə, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu okeanın o tayında təhsil alan 10 azərbaycanlı tələbəyə bilet üçün verilən vədə xilaf çıxdıqları barədə həmyerlimiz Aydın Hüseynova cavab yazıb.
Məktubda bildirilir:
- ABŞ - Azərbaycan oyunu üçün biletlə bağlı yazdığınız statusa və onun əsasında KİV-də dərc olunan məlumatlara cavab olaraq "unutduğunuz" və bilmədiyiniz bəzi məsələlərə aydınlıq gətirmək istərdim. Çünki nə qədər obyektiv olmağa çalışsanız da bunu axıra qədər bacarmamısınız və yalnız öz məktublarınızı dərc etməklə birtərəfli fikir formalaşdırmağa çalışmısınız. AFFA rəhbərliyi oyunun keçirildiyi Kaliforniya ştatında erməni diasporunun güclü olduğunu və təxminən 1 ay bundan əvvəl Dağlıq Qarabağ barədə qeyri-obyektiv qərarın çıxarıldığını nəzərə alaraq, oyuna daha çox azarkeş toplamaq üçün qərar qəbul etdi. Bununla əlaqədar ölkəmizin ABŞ-dakı səfirliyi, konsulluğu və baş sponsorumuz olan SOCAR-ın oradakı nümayəndəliyi ilə 2 ay ərzində mütəmadi əlaqələr saxlayır və təşkilatı işləri birgə həyata keçirirdik. Məhz buna görə ABŞ Futbol Federasiyası tərəfindən protokola uyğun olaraq ayrılan 100 biletdən əlavə biletlərin də alınması qərara alındı. Beləliklə, baş konsulun rəsmi müraciətinə əsasən AFFA-nın vəsaiti hesabına 500 bilet alınaraq 100 biletlə birlikdə səfirliyə, konsulluğa və SOCAR-ın yerli nümayəndəliyinə təqdim olundu. Əlavə olaraq azarkeşlər üçün 300 Azərbaycan bayrağı və 200 AFFA-nın şərfi də verildi. Bundan sonra biletlə bağlı bizə müraciət edənlərin hər birinə konsulluğa və ya SOCAR-ın yerli nümayəndəliyinə müraciət etmələrini xahiş etdik. Çünki komanda San-Fransiskoda deyil, Santa-Clara şəhərində qalırdı. Azarkeşlər üçün də bu çox çətin olardı. Həmin təşkilatların nümayəndələri isə rəhbərlikləri ilə birlikdə oyundan bir neçə gün əvvəl San Fransiskoya gəlmişdilər".
Məlumat üçün nəzərinizə çatdırıram ki, sizin AFFA-ya müraciətinizə (13.04.2014) cavab olaraq sizə dərin təşəkkürümüzü bildirməklə əvvəlcə siyahını göndərməyinizi, sonra isə mayın 22-23-də əlaqə saxlamağınızı xahiş etmişdik. Mayın 20-də etdiyiniz müraciətə isə operativ olaraq cavab yazdıq (Bu məktubu niyə dərc etməmisiniz?) Biz size mayin 22-23-də əlaqə saxlamağınızı xahiş etmişdik. Siz ise mayın 20-də yazdınız və bizi başa düşmək istəmədiniz. Çünki biz işi peşəkar quraraq, biletləri kortəbii şəkildə deyil, vahid mərkəzdən vermək qərarına gəldik. Bizə daxil olan çoxsaylı müraciətlərdə bir nəfərin adı bir neçə yerdə qeyd olunmuşdu. Bu səbəbdən, bilet üçün ölkəmizin buradakı konsulluğuna və ya SOCAR-ın nümayəndəliyinə müraciət etməli idiniz. Konsulluq ucun 500, nümayəndəlik üçün isə 150 bilet ayrılmışdı. Bu məktubumuzdan sonra biz öz tərəfimizdən sizinlə bağlı ölkəmizin ABŞ-dakı konsulluğuna və SOCAR-ın bu yerli nümayəndəliyinə məlumat verdik: "Millinin oyununa bilet üçün müraciət edən Aydın Hüseynova mayın 22-23-də əlaqə saxlamağı xahiş etmişdik. O isə mayın 20-də müraciət etdi və bu məsələ ilə bağlı SOCAR-ın ABŞ-dakı nümayəndəliyi ilə əlaqə saxlamağı xahiş etdik. Çünki bizə edilən çoxsaylı müraciətlərə diqqət yetirəndə gördük ki, bir şəxsin adı bir neçə siyahıda qeyd olunub. Onun bizə cavab məktubunu isə məlumat üçün nəzərinizə çatdırırıq".
Bundan sonra Baş konsul və SOCAR-ın nümayəndəliyi müraciətiniz əsasında biletlə bağlı sizə köməklik göstəriləcəyini bildirdi. Ancaq siz nə konsulluğa, nə də SOCAR-in yerli nümayəndəliyinə müraciət etdiniz. Halbuki digərləri sizdən fərqli olaraq işlərini qaydasında quraraq müraciət əsasında biletlərini aldılar.
Bundan sonra hay-küy qoparmağınız isə tam yersizdir. Bununla bağlı sizə bir neçə sualım var:
1. Bilet üçün qeyd etdiyimiz qurumlara nə üçün müraciət etmədiniz? (Qeyd etdiyimiz kimi biz sizin gəlişiniz barədə onlara məlumat vermişdik)
2. Oyunun bileti yerindən asılı olaraq 35 - 375 dollar arasında idi. Əgər siz rahatlığınız üçün 200 dollarlıq bilet almısınızsa, bu sizin öz işinizdir.
3. Sizə məxsus olan bu cümlə ilə nə demək istəyirsiniz: "Mən ona may ayının 20-si yazdım və mənə dedi ki, bilet uçun SOCAR-a müraciət edin. Necə ola bilər axı oyuna 3 gün qalmış SOCAR-a müraciət edək? Müraciət mayın 20-də oldu, oyun 27-də, aralıqda olan vaxt neçə gündür ?
4. Bütün bunlardan sonra dezinformasiya yaymaqda məqsədiniz nədir?