
"Sumqayıt" klubunun prezidenti Kamran Quliyev Azərbaycan futbolundakı hakimliyin səviyyəsindən narazıdır. Bu barədə Quliyev Sportnet.az-a açıqlama verib.
O deyib ki, bu gedişatla AVRO-2020-də Azərbaycanın hakimlər briqadası ilə təmsil olunması sual altında olacaq: "Çempionatın 4 oyunu Bakıda təşkil olunacaq. Bu, sevindirici haldır. Bütün futbol ictimaiyyəti deyir ki, Azərbaycan mütləq şəkildə o çempionatda iştirak etsin. Bu, birinci məsələdir. Neçə olur ki, Rusiyanın, Ukraynanın, Özbəkistanın hakimləri Avropa və dünya səviyyəli yarışlarda öz ölkələrini təmsil edirlər, bizim hakimlər isə yalnız aşağı yaş qruplarının seçmə oyunlarına gedirlər. Belə getsə, 2020-də Azərbaycan hakimlərini görməyəcəyik?! Mənə elə gəlir ki, bu gedişatla çətin".
Quliyev hakimliyin səviyyəsinin yüksəldilməsi ilə bağlı təkliflərini də verib: "Mütləq şəkildə gərək Azərbaycanda yeni hakimlər üzə çıxsın, hakimlər məktəbi müasirləşsin. Bildiyim qədəri ilə, Vüsal Əliyev və yan xətt hakiminin yaşı çoxdur. Bu insanlar bu yaşda belə səhvlər edirlərsə, gənc nəsildən nə gözləyirsiniz? Gənc nəsil başqa örnək almalıdır. Cavanlar görür ki, belə səhvlərin cəzası yüngül olur, onlar da edirlər və nəticədə Azərbaycan futbolu əziyyət çəkir".
Klub prezidenti hakimliklə bağlı islahatların aparılmasını da məqsədəuyğun sayıb: "Belə olmaz. Bizim 5 nəfər üzvümüz U-21-in seçmə oyunlarında iştirak edən futbolçular idi. Siz dünən onların üzünü görərdiniz. Mən nə deyə bilərəm?! Hakimlər gərək oyunu idarə etsinlər, sındırmasınlar. AVRO-2020-də Azərbaycan gərək bir briqada ilə təmsil olunsun. Buna görə də islahatlar aparılmalıdır. Bu, mənim şəxsi fikrimdir".