"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ukrayna "Dnepr"i ilə Avropa Liqası matçından sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb...
- İstəməzdik
ki, uduzaq. Təəssüf ki, məğlub olduq. Heç olmasa, 1 xala ümid edirdik. "Dnepr”in
əsl gücünü hamılıqla gördük. Qolları düşünmədiyimiz səhvlərdən buraxdıq. Uşaqlara
elə də iradım yoxdur. Kiyevdəki oyundan sonra da demişdim ki, bu qələbəni çox
şişirtməməliyik.
- "Tvente” ilə səfər matçında qol buraxdıqdan sonra bərabərliyi təmin etmişdiniz. Bu dəfə isə ikinci qoldan sonra sonda heç-heçəyə nail ola bilmədiniz...
- Açığı, ilk dəqiqələrdən heç-heçəyə oynamadıq. Xüsusən, ilk dəqiqələrdən bu barədə düşünmürdük. Çalışırdıq ki, düzgün oyun göstərək və maksimum nəticəyə imza ataq.
- "İnter”in hücumçusu Mauro İkardi ilə Nikola
Kaliniçi müqayisə edə bilərsiniz?
- Hərəsi
fərqli oyunçulardır. Bu gün oyunu bəlkə də təkcə Kaliniç uddu. Ona gələn
topların 90 faizi özündə qalırdı. Kaliniç ustalığını göstərdi. Hücumları daha
çox onun üzərində qurmuşdular. Kaliniç "Dnepr”ə, İkardi "İnter”ə daha uyğundur.
- Sizə elə gəlmirmi ki, "Qarabağ”da kollektiv oyun sarıdan problem var?
- Bəlkə
də kənardan belə görünə bilər. Dəfələrlə futbolçulara deyirəm ki, kollektiv
oyuna üstünlük versinlər. Həmin epizodda Leroy Corcu görmək çətin idi.
İnanmıram ki, ötürmə vermək istəmədi. Görsəydi, ötürmə verərdi.
- Növbəti mərhələyə vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
- Biz
də azarkeşləri üzmək istəmirdik. Qələbə üçün əlimizdən gələni etməyə
çalışırdıq. Hər bir rəqibə hörmət qoymalıyıq. Əvvəlcədən qarşımıza məqsəd
qoymamışdıq ki, mütləq ikinci yeri tutmalıyıq. "Dnepr”lə oyunda qalib gəlmək
daha çətindir, nəinki "Sent Etyen”i udmaq. Əlimizdəki imkanlardan maksimum
yararlanmağa çalışırdıq. Hələ şansımız qalır.
- Futbolçularda azarkeş amili təzyiq göstərirdi. Demək olarmı ki, hazırkı komanda səfərdə daha rahat oynamağa qadirdir, nəinki evdə?
- Oyun
sxemində bəlkə də problem var idi. Ola bilər ki, səfərdə hücumlarımızı başqa
cür, burada fərqli qururuq. Bu, azarkeş sayından asılı deyil. Hər bir rəqibə
qarşı fərqli hücumlar qurmağa çalışırıq. Son nöqtədə bəzi çatışmazlıqlar oldu.
Taktiki sxemdə bizə mane olanı yoxdur.
- "Dnepr”in baş məşqçisi Miron Markeviç dedi ki, "Qarabağ” oyunu Reynaldonun üzərində qurmuşdu və onu zərərsizləşdirməyə müvəffəq oldular. Bu fikrə münasibətiniz necədir?
- Oyunu
təkcə Reynaldo üzərində qurmamışdıq. Həm Maksim Medvedev, həm Leroy Corc, həm
də Muarem Muarem tərəfdən hücumlar qururduq. Oyunun gedişində bəzi dəyişiklər
etdik. Tam düşündüyümüz kimi alınmadıq. Həmkarım belə deyirsə və Reynaldoya
qarşı xüsusi oynayırlarsa, hörmətlə yanaşmaq lazımdır.
- Sizə elə gəlmir ki, rəqib daha üstün oyun sərgilədi?
- Rəqib qalib gəldisə, hansısa epizodlarda bizdən üstün oldu və təbrik etmək lazımdır. Yenə öz fikrimdə qalıram: Düzgün oyun qurmağa çalışırıq. Rəqibin təzyiqi bəlkə də bizdən çox oldu. Hər komandaya qarşı fərqli oyun üslubu ilə çıxış edirik. Hər şey düşündüyümüz kimi alınsa, asan qalib gələrik. İkinci hissənin ortalarında topa nəzarət edə bilmədik. Ona görə Almeydanı bir az arxaya çəkdik. Necə alındısa, özünüz gördünüz.