Premyer
Liqanın XII turunda "Simurq”un yetirməsi Kənan
Müslümov "Neftçi” ilə qarşılaşmada əsas
heyətdə debüt edib. Sportnet.az-ın məlumatına görə, futbolçu klubun rəsmi
saytına müsahibə verib.
-Kənan, bu mövsüm əvəzedici heyətdən əsas komandaya cəlb olunan
futbolçulardan biri də sən oldun və təlim-məşq toplanışlarında iştirak etdin. İlk öncə bu barədə fikirlərini bilmək istərdik.
-Mənim üçün böyük bir şərəfdir ki, doğma şəhərimin, Zaqatalanın klubunda
forma geyinirəm. Bu ayrıca bir qürurdur. Başda prezident, klub rəhbərliyi və məşqçilərim
olmaqla hər kəsə təşəkkür edirəm. İnandılar və bu şansı verdilər.
-On
bir turdan sonra Premyer Liqada debüt etdin. Oyundan öncə meydana çıxacağına
inanırdınmı?
-Hər dəfə ümidlə məşqçinin verəcəyi şansı gözləyirdim. Bu qarşılaşmada isə
heç ağlımdan keçmirdi. Çünki oyunun gedişinə baxdıqda, bunun çətin olacağını
düşünürdüm. Ancaq çox sağ olsun məşqçilər. İnandılar və özümü göstərmək üçün
şans verdilər. Mənsə əlimdən gələni etməyə və komandama kömək etməyə çalışdım.
-Məşqçilər oyuna daxil olmaq
üçün hazırlaşmağı tapşıranda hansı hisslər keçirtdin?
-İlk öncə onu qeyd edim ki, mənim üçün ən çox sevindirici amil premyer
liqada ilk oynuma Zaqatalada, azarkeşlərimiz önündə meydana çıxmağım oldu. Məşqçilər
çağıranda çox həyəcanlandım. Lakin meydana daxil olan vaxt bütün hisslər yox
oldu. Ancaq oyun haqqında fikirləşdim. Çünki bu görüşdə qalibiyyətin
vacibliyini hər kəs kimi, mən də bilirdim.
-Premyer liqa fərqini hiss edə bildinmi?
-Əlbəttə, sürət, oyunçuların təcrübəsi
baxımından hər şey çox fərqli idi. Bunu hiss etməmək qeyri-mümkündür.
-Bunun davamlı olması üçün səncə hansı cəhətlər səndə çatmır?
-Davamlı olmasını çox istəyirəm.
Oynamaq üçün hər şey məşqlərdən başlayır. Bunun üçündə hazırlıqlarda tam gücümlə
çalışıram. Məşqçinin tapşırıqlarını daha yaxşı şəkildə yerinə
yetirib, mənə daha çox şans verməsi üçün inamını artıracam. İlk oyunda ən çox
hiss olunan mənfi cəhətim təbii ki, təcrübəsizliyim idi.
-Oyundan sonra baş məşqçi ilə söhbətin oldumu?
-Paltardəyişmə otağında hamı kimi,
məni də təbrik etdi. Ancaq oyunumla bağlı hələ fikirlərini bildirməyib.
-Yaxınlarının, azarkeşlərimizin ilk oyununla bağlı fikirləri nə oldu?
-Azarkeşlərimizə çox sağ ol demək
istəyirəm. Meydana daxil olan zaman onların dəstəyini görəndə özümə inamım daha
da artdı. Yaxınlarım buna görə çox sevindilər, təbrik etdilər, davamlı olmasını
arzuladılar. Xüsusən əvəzedici heyətimizin məşqçilərini qeyd edərdim. Bu
onların zəhmətinin bəhrəsi idi.
-Bir gün sonra sizi daha bir iddialı rəqiblə görüş gözləyir. Bu oyun haqqında nə düşünürsən?
-"Neftçi”
ilə çətin oyundan sonra bizi daha bir ağır oyun gözləyir. Artıq biz qalibiyyəti
unudub, bu qarşılaşma haqqında fikirləşirik. Özümüzə inanırıq. Allahın köməyilə
Qəbələ səfərindəndə üç xalla qayıdarıq.
-Səncə qış fasiləsinə qədər komandanın qarşısına qoyduğu məqsədə çatmaq üçün turnir cədvəlində özünü toparlaya biləcəkmi?
-Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Oyunlara lazımı səviyyədə hazırlaşırıq. Qarşıdakı matçlarda ötən qarşılaşmalarda itirdiyimiz xalları təlafi etmək üçün əlimizdən gələni edəcəyik.