Topaz Premyer Liqasının XIII turunda "Neftçi” "Xəzər
Lənkəran”ın qonağı oldu. Sportnet.az-ın
məlumatına görə, heç-heçə başa çatan matçda paytaxt
təmsilçisi son saniyələrdə vurulan qol hesabına 1 xal qazanıb.
Qonaq komandanın
baş məşqçisi Arif əsədov matçdan sonra oyun barədə fikirlərini bölüşüb: "Neftçi”
– "Xəzər Lənkəran” oyunları həmişə prinsipial alınıb. Oyun məhz derbi adı ilə
uzlaşdı. Qırmızı vərəqələr oldu. Lakin sona yaxın komandam özündə güc
tapdı və bərabərlik qolunu vurdu. Mən hakimlik barədə heç nə demək istəmirəm.
İsti başla nəsə demək düzgün deyil. Sadəcə, əlavə edim ki, təzyiqlərə
baxmayaraq, biz hesabı bərabərləşdirdik. Emil Balayev qırmızı vərəqə aldıqdan
sonra bəzi dəyişikliklər etdik. Araz Abdullayev bu gün meydançaya çıxmadı. Araz
lazımlı oyunçudur. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün
futbolçular buna əməl etməlidir. Araz Abdullayevlə bağlı sabah qərar verəcəyik.
Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Qərar çıxarıldıqdan
sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qaydalar hər bir futbolçu üçün
keçərlidir. Elvin Yunuszadə düşərgəyə gecikdi və onu da cəzalandırdıq. Heç bir
futbolçuya güzəşt olunmayacaq. Biz milli komandaya futbolçu vermək üçün
çalışırıq. Qırmızı vərəqələr çox oldu. Elə bir oyun idi ki, hər bir futbolçu
qırmızı vərəqə ala bilərdi”.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçı 2:2 hesabı ilə başa çatıb.