"Neftçi" futbol komandasının baş məşqçisi Arif Əsədovun Sportnet.az-a müsahibəsi
- "Qəbələ" ilə bu gün keçirəcəyiniz Premyer Liqa matçına hazırlıqlar necə gedir?
- Normal. Dünəndən oyunöncəsi təlim-məşq toplanışındayıq. Bütün komanda oyunadək bazada qalacaq. Bütün futbolçular matçın məsuliyyətini başa düşür. İnanırıq ki, lazımi nəticəni əldə edə biləcəyik.
- Amma ötən tur "Xəzər Lənkəran"la matçda üzləşdiyiniz itkilər problem yarada bilər...
- Təbii ki, bu, yaxşı hal deyil. Elnur Allahverdiyev qırmızı vərəqə aldı, Mirhüseyn Seyidov isə sarı vərəqə limitini aşdı. Bu iki futbolçudan əlavə, qapıçı Emil Balayev Almaniyada "Ayntraxt"ın düşərgəsindədir. Bütün bunlar bizə yerli futbolçu sarıdan problemlər yaradacaq. Özü də yerli futbolçuların hamısı meydan oyunçuları olmalıdır. Çünki qapını etibar edəcəyimiz Saşa Stamenkoviç legionerdir.
- Əsas heyətdə meydana çıxmağa layiq 6 yerli futbolçu tapmaq üçün əvəzedici heyətdən oyunçu cəlb etməyi düşünmürsünüz?
- Xeyr. Mənə elə gəlir ki, hazırkı heyətimizdə də ilk "11-liy"ə layiq olan yerli futbolçular var. Hazırda onların üzərində işləyirik ki, matça həm fiziki-taktiki, həm də psixoloji cəhətdən tam hazır olsunlar.
- Ötən tur öncəsi Araz Abdullayev və Elvin Yunuszadə komandanın məşqinə gecikdikləri üçün heyətdən kənarlaşdırılmışdı. Onları və Elnur Allahverdiyevi cəzalandıracağınızı demişdiniz. Hansı cəzanı kəsdiniz?
- Elə oyundan sonra futbolçuların məsələsinə baxdıq və pul cəriməsi tətbiq etdik. Bilirsiniz, oyunçu üçün ən ağır cəza onun qırmızı vərəqə üzündən uzun müddət futboldan kənarda qalmasıdır. Yəni, onların transferə çıxarılmalarından və ya əvəzedici heyətə göndərilmələrindən söhbət gedə bilməz. Sadəcə, səhvlərini başa düşüblər və klubumuzun daxili nizam-intizam qaydalarına uyğun olaraq, müxtəlif məbləğdə cərimələniblər.
- "Qarabağ"ın Avropa Liqasında Fransa "Sent-Etyen"i ilə səfər matçındakı çıxışı barədə hansı fikirdəsiniz?
- Növbəti mərhələyə vəsiqə şanslarını saxlamaq üçün ən azı uduzmamaq lazım idi. "Qarabağ" minimum vəzifənin öhdəsindən gəldi. Hiss olunurdu ki, təmsilçimiz daha çox müdafiəni düşünərək, nəticəyə oynayır. Bu da təbii idi. Çünki heyətdə itkilər var idi.
- İtaliya "İnter"i artıq növbəti mərhələyə vəsiqəni təmin edib. Düşünmürsünüz ki, rəqib əsas heyət oyunçularını Bakıya gətirməyəcək?
Heyətdə kimin yer almasından asılı olmayaraq, "İnter" yenə "İnter"dir. Bu komanda üçün ikinci-üçüncü heyət yoxdur. Əksinə, baş məşqçi Roberto Mançininin güvənəcəyi futbolçular üçün "Qarabağ"la matç nəyə qadir olmalarını nümayiş etdirmək baxımından bir şans olacaq. Yəni, onlar meydana daha motivasiyalı çıxacaqlar.
- Elə isə "Qarabağ"ın "İnter"i yenəcəyinə inanırsınız?
- Bəli, bu, mümkündür. Sözsüz ki, doğma azarkeşlər önündə "Qarabağ" böyük dəstək hiss edəcək. Həm də elə vurğuladığınız amil - "İnter"in heyətində meydana çıxacaq futbolçuların avrokubok təcrübəsinin azlığı da öz sözünü deyə bilər. Yəni, bu amildən də yararlanmaq mümkündür.
Məcid HƏSƏNLİ
Məcid HƏSƏNLİ