Onun sözlərinə görə, Nemaşko "təyyarəçilər"ə iyunun 22-də qoşulacaq. Həmin vaxt komanda üzvləri Bakıda təlim-məşq toplantısında olacaqlar. Əhmədov bildirib ki, 28 yaşlı qolkiper tibbi müayinədən uğurla keçəcəyi halda, rəsmi müqaviləyə imza atacaq: "Biz artıq Namaşko ilə razılığa gəlmişik. Qapıçı ilə imzalayacağımız müqavilənin şərtlərini də ona göndərmişik. Biz məşqlərə başlayanda, o, Bakıya gələcək. Tibbi müayinədən keçdikdən sonra onunla müqavilənin şərtlərini razılaşdıracağıq. Əsas odur ki, buraya gətirəcəyimiz legionerlər tibbi müayinədən keçsinlər. Yoxlanış sonrası onların vəziyyəti yaxşı çıxarsa, müqavilə imzalayacağıq".
Qeyd edək ki, Stanislav Namaşko 10 noyabr 1986-cı ildə Moldovanın Tiraspol şəhərində anadan olub. O, "Tiraspol”, "Şerif” və 2014-cü ilin fevralından "Dinamo-Avto” klublarının şərəfini qoruyub. Namaşko Rusiyada "Kuban”, "Spartak” (Nalçik) və "Volqar” klublarında legioner həyatı da yaşayıb. Təcrübəli qolkiper 2007-ci ildən çıxış etdiyi Moldova millisinin əsas qapıçısı sayılır.