AFFA 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamın Hindistan Futbol Federasiyasından təklif aldığını təsdiqləyib. Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis Asiya ölkəsində bu il aprelin 1-dən 2017-ci il dekabrın sonunadək çalışacaq.
2017-ci ildə Hindistanda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında dünya çempionatının final mərhələsi təşkil olunacaq. Təşkilatçı ölkə statusu ilə Hindistanın müvafiq yaş qrupuna aid yığması turnirdə iştirak edəcək. Nikolay Adam Hindistanın hazırkı U-15 yığmasına rəhbərlik edərək bu komandanı 2 il sonra iştirak edəcəyi dünya çempionatına hazırlaşdıracaq.
N.Adam affa.az-a açıqlamasında bildirib ki, hazırda bütün diqqətini Avropa çempionatının elit-raundunda çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oyunlarına yönəldib və komanda final mərhələsinə vəsiqə qazanacağı təqdirdə, baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, elit-raundda Azərbaycan yığmasının mübarizə aparacağı 7-ci qrupun oyunları martın 26-dan 31-dək Fransada keçiriləcək.