"Neftçi"nin və Azərbaycan yığma komandasının futbolçusu Ruslan Qurbanov Xorvatiya "Hayduk"u ilə müqavilə bağlayıb. Sportnet.az-ın flaqmanın rəsmi saytına istinadən məlumatına görə, Split şəhər təmsilçisi "ağ-qaralar"a ünvanladığı rəsmi müraciətdə Qurbanovun xidmətində maraqlı olduğunu bildirib.
İki klub arasında danışıqlar müsbət nəticələnib. Əldə olunmuş razılığa əsasən gənc hücumçu mövsümün sonunadək icarə əsasında "Hayduk"un formasını geyinəcək.
Qeyd edək ki, Xorvatiyanın yüksək liqasında çıxış edən "Hayduk" 20 turdan sonra 32 xalla 3-cü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda bir oyunu var. Klubun hücum xəttində kot divuarlı Jan Evrar Kuassi, xorvatiyalı Anton Maqlika və Elvir Maloku, avstriyalı Sandro Qotal və ukraynalı yeni transfer Artyom Milevski yer alıb. Daha öncə "Neftçi"nin qapıçısı Emil Balayev Almaniya Bundesliqasında çıxış edən "Ayntraxt"la müqavilə bağlayıb.