
Topaz Premyer Liqasının son turunda "Neftçi"yə 1:3 hesabı ilə məğlub olan "Qəbələ” yoxlama oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Roman Qriqorçukun yetirmələri klubun U-19 komandasını sınağa çəkib.
Yoxlama oyununda "Neftçi” ilə görüşdə iştirak etməyənlər, həmin qarşılaşmanın sonlarında meydana daxil olanlar – Ruslan Fomin, Sadiq Quliyev, həmçinin iki yeni futbolçu qüvvəsini sınayıb.
"Qırmızı-qaralar” bu oyuna aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Rikardinyo, Sadiq Quliyev, Pavol Farkaş, Ürfan Abbasov, Tellur Mütəllimov, Aleksandru Benqa, Qismət Alıyev, Ruslan Tağızadə, Ruslan Fomin, Sebay Senin.
"Qəbələ” ilə yeni müqavilə imzalayan braziliyalı Rikardinyo müdafiənin solunda yer alıb. Baxışa dəvət edilən Fil Dişi Sahilindən olan Sebai Senin isə hücumun sivri ucunda sınanıb. Oyunun gedişində Cavidan Hüseynzadə və Ehtiram Şahverdiyev də meydana daxil olub.
Əsas komandanın üstünlüyü ilə keçən qarşılaşmada Qriqorçukun yetirmələri 3:0 hesablı qələbə qazanıb. U-19-un qapısına vurulan qollardan ikisinə Fomin imza atıb. Ukraynalı ilə yanaşı, digər hücumçu – baxışda olan Sebai də fərqlənib. O, yoxlama oyununda 1 qol vurub.
Qeyd edək ki, "qırmızı-qaralar” Premyer Liqada növbəti oyununu fevralın 19-da öz meydanında "Xəzər Lənkəran”a qarşı keçirəcək.