İdman Araşdırmalar Mərkəzi (İAM) Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar yeni layihəyə start verir. FUTPROQNOZ yarışması adlanan yeni layihə mundial boyunca davam edəcək. Sportnet.az saytının informasiya dəstəyi və Kolizey İnşaat-ın sponsorluğu ilə baş tutacaq yarışmaya dünya çempionatının iştirakçı sayı qədər - 32 şəxs qatılacaq. Onlar futbol veteranları, hakimlər, media mənsubları, futbolçular və klub funksionerləridir. Hər kateqoriyaya mənsub iştirakçılar qitələr üzrə DÇ-2014-də FİFA-nın ayırdığı kvotaya uyğun bölünüb:
Jurnalistlər (13 yer) - Avropa
Futbol funksionerləri (6 yer) – Cənubi Amerika
Futbolçular (4 yer) – Şimali Amerika
Futbol veteranları (5 yer) – Afrika
Hakimlər (4 yer) – Asiya
Dünya çempionatının qruplarına uyğun olaraq, bu gün saat 18:30-da püşkatma mərasimi keçiriləcək. Püşk nəticəsində qrup mərhələsində hər bir şəxsə bir yığma komanda təhkim olunacaq.
Yarışma iştirakçısı öz milli komandasının qrup mərhələsində keçirəcəyi oyunlara konkret proqnoz verəcək, daha dəqiqi, hesabı deyəcək.
Qrup mərhələsi oyunlarının nəticələrinə uyğun olaraq, hər qrupdan ilk 2 pilləni tutmuş iştirakçılar növbəti mərhələyə vəsiqə əldə edəcək.
FUTPROQNOZ-a dünya çempionatının final qarşılaşması başa çatdıqdan sonra yekun vurulacaq və ilk 3 pillənin sahibi mükafatlandırılacaq.