"Qəbələ" klubunun futbolçusu Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXIX turunda bu gün "Simurq"la keçirəcəkləri oyun haqda fikirlərini bildirib. 27 yarımmüdafiəçi Sportnet.az-a açıqlamasında cari mövsümdə lüzumsuz xal itirdiklərini bildirib.
Xal itkisinin əsasən ev oyunlarında olduğunu söyləyən futbolçu turnir cədvəlinin 4-cü yeri uğrunda gedən mübarizədə əsas rəqiblərinin "Simurq" və AZAL olduğunu deyib: "Qoy, kim layiqdirsə, bu pilləni tutaraq, Avropa Liqasına vəsiqə qazansın. Mən inanıram ki, inşallah, biz gedəcəyik".
Hüseynov son zamanlar yaxşı formada olmasının səbəblərini də açıqlayıb. Bir müddət zəif çıxış etdiyini xatırladan futbolçu bunu tez-tez komanda dəyişməklə əlaqələndirib: "Oyun praktikam çatmırdı. İndi hər dəfə "Qəbələ"nin heyətində ilk 11-də meydana çıxıram ki, bu amil də mənə üstünlük yaradır. Onun da bir mənası var ki, futbolçu ancaq oyunu ilə özünəinamı qaytarır.
Son turda keçirilən AZAL-la görüşə toxunan milli komandanın üzvü həmin oyunda dubl etməsinə baxmayaraq, baş məşqçi Roman Qriqorçukun ondan narazı qaldığını qeyd edib. Onun sözlərinə görə, meydançaya çıxıb yaxşı oyun göstərmək üçün yalnız məşqlər kifayət etmir. Yarımmüdafiəçi bildirib ki, futbolçunun yaxşı top qovması onun oyuna tez-tez çıxmasından asılıdır: "Nə qədər məşq etsən də xeyri, olmaz. Əsas oyundur. Məşqlərə məsuliyyət eynidir, amma vacib olan meydana çıxmaqdır".
Qeyd edək ki, "Qəbələ" - "Simurq" matçı saat 19:00-da start götürəcək.