Onun sözlərinə görə, İntizam Komitəsinin qərar iyunun 16-da açıqlanıb. Həmin vaxt Azərbaycanda qeyri-iş günü olduğundan, sənəd mətbuata ötürülüb. Seyidov bu məsələdə azərbaycanlı menecerlərin də rolunu istisna etməyib. Amma o, "Tutulmayan oğru deyil" deyərək, konkret ad çəkməyib.
Məsələnin mahiyyətinə gəldikdə, klub rəsmisi bunları deyib: "Komandamızın bolqarıstanlı və makedoniyalı legionerləri Bolqarıstanda Tomovski ilə görüşərkən, 2008-2009-cu il mövsümündə çempionluq müqabilində mükafat aldıqlarını ağızlarından qaçırıblar. Bu zaman Tomovskinin meneceri Georgi Qradev də xəbər tutub. Qradev hər 3 futbolçunu notariusa apararaq, mükafat aldıqlarını təsdiqləyən sənəd imzalatdırıb. Daha sonra o, sənədi FİFA-ya təqdim edib. Tomovski komandamızda çox az oyun keçirdiyindən, ona mükafat verilməyib. FİFA da onun neçə oyunda meydana çıxdığından xəbərdar olduğu halda, ikili standartlara yol verərək, futbolçunun xeyrinə qərar çıxarıb".
Qeyd edək ki, FİFA İntizam Komitəsi "Bakı"nın Tomovskiyə 78 min dollar borclu olduğunu əsas gətirərək, klubu 7500 frank məbləğində cərimələyib. Cərimə 1 ay ərzində ödənilməsə, komandanın hesabından 6 xal silinəcək. Gələcəkdə isə "Bakı"nın I diviziona salınması və AFFA-nın sanksiya ilə üzləşməsi də mümkündür.