
"Qəbələ"də keçirdiyim 5 il ərzində Arsen Venger istisna olmaqla, İngiltərənin ən böyük 4 klubunun baş məşqçisi vəzifəsindən getdi. Buna görə də məşqçilik karyerasına qayıtmaq üçün tələsmirəm. "Qəbələ" ilə üç illik müqaviləm var və ümid edirəm ki, bu müddət ərzində vəzifəmin öhdəsindən gələcəm".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbol direktoru Toni Adams "goal.com"a açıqlamasında deyib.
İngiltərə millisi və "Arsenal"ın sabiq futbolçusu ölkəmizdəki fəaliyyətindən də danışıb: "Bu ilin yanvar ayında "Qəbələ"nin Türkiyədəki təlim-məşq toplanışını yaxından izlədim. Yeni baş məşqçimiz Roman Qriqorçukun işini təhlil etmək və qış transfer siyasətini yaxından izləmək istəyirdim. Fevral və mart aylarında isə klubun bütün yaş qrupları üzrə komandaları ən azı bir dəfə izlədim və futbol akademiyasının direktoru Stenli Brarda dəstək oldum. Aprel ayında digər oyunçuları nəzərdən keçirdim. May ayında isə klubun mövsümü başa vurmasını izləyəcəm və yeni oyunçu transferləri üçün hazırlıq görəcəm".
T.Adams son dörd ildə "Qəbələ"də və Azərbaycanda baş verən dəyişikliklərə də toxunub: "Azərbaycanda olduğum son dörd ildə diqqətimi cəlb edən dəyişikliklər baş verdi. Bütün klublar - "Qarabağ", "Neftçi", "Qəbələ", "İnter", "Xəzər Lənkəran"ın akademiyaları təsis edildi. Ancaq ən yaxşı akademiya "Qəbələ"dədir. Ən yaxşı akademiya ilə yanaşı, ən yaxşı akademiya direktoru da bizdədir. Bütün istiqamətlərdə inkişaf edirik və möhtəşəm stadionlarımız da var. Lakin qısa zaman kəsiyindəki bu inkişaf bir qədər qorxuducudur. Ötən il Avropa Liqasının təsnifat mərhələsində oynadıq. Artıq irəliləyirik. Futbol çox böyük gücə sahibdir. Məncə, bir qədər sonra bütün ölkəyə yayılacaq". (Qol.az)