AFFA-nın İntizam Komitəsi "Simurq"un qapıçısı Amil Ağacanovu 9 oyunluq cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, Ağacanov Topaz Premyer Liqasının XXXV turunda AZAL ilə matçın 21-ci dəqiqəsində hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə alıb.
Komitə futbolçunu 4 oyunluq cəzalandırıb, Zaqatala təmsilçisini isə 4000 manat cərimə edib.
Bununla yanaşı qapıçı qırmızı vərəqə alaraq meydançanı tərk edərkən oyunun hakiminə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu isə 5000 manat cərimə olunub.
"Simurq"un əvəzedicilərdən ibarət komandasının məşqçisi Asif Ramazanovla futbolçu Kamran Həsənzadə də sərt cəzaya məruz qalıb. Əvəzedicilərin çempionatında AZAL-la qarşılaşma başa çatdıqdan sonra Ramazanov geniş kütlə qarşısında hakimlər briqadasını və Hakimlər Komitəsini təhqir edib. Bu səbəbdən, məşqçinin 10 oyun stadiona girişinə qadağa qoyulub, klubu 10 000 manat cərimələnib. Həsənzadə isə hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klubu 2 000 manat cərimələnib.
Beləliklə, "Simurq" üst-üstə 21 000 manat cərimələnib.