
"III MDB Oyunları yüksək səviyyədə təşkil olunub. İdmançılarımız da çox yüksək nəticələr əldə ediblər".
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) vitse-prezidenti Elmar İslam deyib.
O bildirib ki, oyunların həyəcanlı keçməsi vacib məqamdır: "Bu gün həm oğlan, həm də qızlardan ibarət komandamız gümüş medal qazandı. Fərdi mübarizədə isə stolüstü tennisçilərimiz finala yüksəldilər. Sentyabrın 29-da keçiriləcək final görüşlərində də yaxşı nəticələr gözləyirik. İdmançılarımızın çıxışlarından razıyıq, peşəkardırlar. Oğlanlardan Onur Quluzadə və Adil Əhmədzadədən, qızlardan isə Mərziyə Nurmətovadan qızıl medal gözləyirik. Aylin və Yağmur da yaxşı formadadır. Bütün idmançılarımızdan yaxşı nəticələr gözləyirik".
E.İslamın sözlərinə görə, federasiya olaraq, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə birlikdə stolüstü tennisin inkişaf etdirilməsi üçün mühüm işlər görürlər və bu işlər davam etdiriləcək.