Azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2016" turnirinin qalibi məlum olub. Sportnet.az-ın məlumatına görə, bu, Şəhriyar Məmmədyarov olub.
31 yaşlı beynəlxalq qrossmeyster 9-cu turda ağ fiqurlarla hollandiyalı Aniş Giriyə qalib gəlib. ABŞ təmsilçisi Fabiano Karuana isə dünya çempionluğuna iddiaçı, rusiyalı Sergey Karyakinlə heç-heçə edib. Nəticədə Məmmədyarovla Karuananın xalları bərabərləşib. Reqlamentə əsasən, bu zaman qalib onların arasındakı "tay-breyk"lə müəyyənləşib. Bu zaman Məmmədyarov rəqibindən üstün olub - 2,5:1,5.
Bu, azərbaycanlı şahmatçının sayca 3-cü dəfə keçirilən "ShamkirChess"də ilk qələbəsi olub. Əvvəlki iki turnirin qalibi, norveçli Maqnus Karlsen bu dəfə turnirə qatılmayıb.
9-cu turun nəticələri:
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Hollandiya) - 1:0
Pentala Harikrişna (Hindistan) - Eltac Səfərli (Azərbaycan) - 0:1
Hou İfan (Çin) - Rauf Məmmədov (Azərbaycan) - 0:1
Sergey Karyakin (Rusiya) - Fabiano Karuana (ABŞ) - 0,5:0,5
Pavel Elyanov (Ukrayna) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Yekun:
1-2. Məmmədyarov, Karuana - hərəyə 6 xal
3. Giri - 5,5
4. Karyakin - 5
5. Məmmədov - 4,5
6 - 8. Harikrişna, Səfərli, Rəcəbov - hərəyə 4
9. Elyanov - 3,5
10. İfan 2,5
Tay-breyk: Məmmədyarov - Karuana - 2,5:1,5