Vüqar Həşimov Memorialını izləmək üçün Şəmkirə qonaq gələn Gürcüstan şahmatının canlı əfsanəsi, beşqat dünya, on bir dəfə olimpiya çempionu olan Nona Qaprindaşvili "Shamkir Chess 2018" turnirinin rəsmi saytına açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, məşhur qrossmeyster ilk olaraq superturnir haqqında danışıb: "Şəmkirdə ilk dəfə qonağam. Əslində açılışdan sonra Gürcüstana qayıtmalıydım. Lakin iştirakçıların adını öyrənəndə bir neçə gün Şəmkirdə qalmağa qərar verdim. Çox güclü heyət formalaşıb. Maqnus Karlsen, Şəhriyar Məmmədyarov, Sergey Karyakin və digərlərinin Şəmkirdə yarışması şahmat bayramıdır. Xüsusilə yarışın Vüqar Həşimovun xatirəsinə həsr olunmasını qeyd etmək istəyirəm. Vüqar gənc yaşında bizi tərk etdi. Onun yoxluğunu qəbul etmək çox çətindir. Ona görə belə turnirlərin təşkili çox vacibdir. Artıq 5-ci dəfə keçilir, deməli özünəməxsus tarixə malikdir".
Nona Qaprindaşvili Berlində keçirilən İddiaçılar Turnirini izlədiyini və Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışını yüksək qiymətləndirdiyini bildirib: "Şəhriyar son iki ildə çox möhtəşəm oyun sərgiləyir. Berlindəki yarışda qələbə qazanmağa çox yaxın idi. Bir məğlubiyyət onu geri saldı. Bununla belə Şəhriyarın potensialını yüksək qiymətləndirirəm. Bu adam dünya çempionu olmağa qadirdi. Sadəcə ilk olaraq çempionla görüşə vəsiqə qazanmaq lazımdır. Ümumiyyətlə Azərbaycanda şahmatı inkişafdadır. Daha çox kişi şahmatçıların uğurlarını izləyirik. Məmmədyarov, Rəcəbov, Məmmədov və digərlərinin Avropada güclülər sırasında olmasını unutmaq olmaz. 2017-ci ildə Azərbaycan komandası üçüncü dəfə Avropa çempionu oldu. Adi komanda qitə çempionu ola bilməz".
O, noyabr ayında Londonda dünya şahmat tacı uğrundakı görüşdə ABŞ təmsilçisi Fabiano Karuana ilə dueldə Maqnus Karlseni favorit hesab etdiyini deyib: "Hər iki şahmatçı çox güclüdür. Amma Maqnusu rəqibindən daha üstün sayıram. Bu gənc oğlan ardıcıl neçə il çempion titulunu qoruyur. Deməli qələbə qazanmağa gücü az deyil. Karlsen çox peşəkar idmançıdır. Onun turnirlərdəki çıxışı, hazırlığına heyranam. Sanki o ancaq şahmat haqqında düşünür".
"Shamkir Chess 2018" superturnirinin təşkilatçılığı barədə danışan gürcü şahmatçı iştirakçıları xüsusi qeyd edib: "Azərbaycanda güclü şahmat və təşkilatçılıq ənənələri var. Sizin Ümumdünya Şahmat Olimpiadasını necə keçirməyiniz unudulmayıb. Sizin şahmat yarışlarına xüsusi yanaşmanız var. Superturnir yüksək səviyyədə təşkil olunub. Heyət çox güclüdür. İlk turda zala daxil olanda köhnə illəri yada saldım. İnanın, "Shamkir Chess 2018" kimi turnirdə iştirak etməyi hər şahmatçı arzulayır. Bu heyəti görəndə şahmat oynadığım vaxtlar yadıma düşdü. Bir anlıq mən də bu iştirakçıların yanında olmaq, belə turnirdə qələbə uğrunda yarışmaq istəyərdim".