Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında Avropa çempionatının beşinci turunda Azərbaycanın qadın şahmatçılardan ibarət yığması İtaliya komandası üzərində qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, Ülviyyə Fətəliyeva Elena Sedina, Gülnar Məmmədova Daniela Movileanuya qalib gəlib. Günay Məmmədzadə Marina Brunello ilə heç-heçə edib, Xanım Balacayeva isə Olqa Ziminaya məğlub olub.
Kişilərdən ibarət yığma isə beşinci turda Xorvatiya millisi ilə heç-heçə edib. Arkadi Naydiç İvan Sariçlə, Eltac Səfərli Ante Brkiçlə, Rauf Məmmədov Marin Bosioçiçlə, Qədir Hüseynov Hrvoye Stevi ilə xalları yarı bölüb.
Hazırda aktivində 4 qələbə və 1 məğlubiyyət olan qadın komandası üçüncü pillədədir. Kişi şahmatçıların aktivində isə 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət var. Komanda çempionatda altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adını qazanıblar. Komandamız 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medallara layiq görülüblər. Qadın şahmatçıların isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.