
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyası (AŞF) karantin dövründə şahmatçıların oyun praktikasının qorunması üçün "Evdə qal, həyatları xilas et" şüarı altında layihəyə başlayır.
Federasiyanın Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, layihə çərçivəsində ilk olaraq Beynəlxalq Şahmat Federasiyasının və AŞF-nin vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə internet üzərindən superblits üzrə Birinci Azərbaycan Kuboku təşkil olunacaq.
"Chess24.com" portalının keçirəcəyi yarışa qeydiyyat 15 aprel saat 22:00-da başa çatacaq. Yarış 16 aprel saat 19:00-da start götürəcək.
İsveçrə sistemi üzrə baş tutacaq turnir 17 turdan ibarət olacaq. İştirakçılara hər oyun üçün 1 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün 1 saniyə əlavə vaxt veriləcək.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 15 000 manat təşkil edir. Qalib 3 000 manat qazanacaq.
Qadın iştirakçılar arasında ən yaxşı nəticə göstərən şahmatçı 1 000 manat əldə edəcək. Eyni zamanda 16 yaşadək olan və FIDE əmsalı 2 200-dən az olan şahmatçılar arasında ən yaxşı nəticə göstərən dörd iştirakçı üçün mükafatlar nəzərdə tutulub.