
Azərbaycan şahmatçısı Teymur Rəcəbov dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Opera Euro Rapid" adlanan III mərhələsində üçüncü yeri tutub.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster 3-cü yer uğrunda görüşdə fransalı Maksim Vaşye-Laqravı üstələyib.
Bu rəqiblə ilk oyun günündə 2,5:1,5 hesablı üstünlüklə ayrılan Rəcəbov bu gün ilk iki partiyasını da qələbə ilə başa vurub. Nəticədə ikinci oyun günündə ən azı 2:2 hesablı heç-heçəni təmin edən azərbaycanlı qrossmeyster iki günün yekununda üstün tərəf kimi cütün qalibi olub.
Final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşıb. Tərəflər arasındakı görüşün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1). Bugünkü görüşlər isə Sonun qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.
Qeyd edək ki, "Opera Euro Rapid"in ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanıb.
Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsinin qalibi olmuşdu.
---------------------------
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda həlledici görüşlərini keçirəcək.
Sportnet.az-ın məlumatına görə, tərəflər ilk oyun günündə 4 dəfə üz-üzə gəliblər. Azərbaycan təmsilçisi ötən günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb. Bu isə o deməkdir ki, bugünkü 4 qarşılaşmanın yekununda heç-heçə belə, Rəcəbova yarışı 3-cü pillədə bitirməyə imkan verəcək.
Qeyd edək ki, final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşacaq. Tərəflər arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).
Qeyd edək ki, ikinci oyun gününə saat 20:00-da start veriləcək.