"İlk partiyada qələbə qazandıqdan sonra ikinci görüşdə ağ fiqurlarla sürətli heç-heçə etdim. Strateji baxımdan bu nəticə son dərəcə vacib idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində 3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Levon Aronyana qalib gəlməsi barədə danışarkən deyib.
36 yaşlı qrossmeyster bildirib ki, ilk qarşılaşma heç də sonrakılardan asan keçməyib: "Kifayət qədər həyəcanlı alındı. Qara fiqurlarla qələbədən sonra, nə qədər çətin olsa da, "ağ"larla heç-heçə etməyə çalışdım. Düzdür, ağ fiqurlarla oynayanda qalib gəlməyə can atırsan. Amma matçı qazanmaq istəyirsənsə, vaxtında heç-heçə etməyi bacarmalısan. Aronyanla qarşılaşma çox maraqlı keçdi".
Çempionlar Turundakı çıxışını dəyərləndirən Məmmədyarov onlayn şahmatın özü üçün qəribə olduğunu söyləyib: "Son bir neçə gündə turnirdə 19-a yaxın oyun keçirmişəm. Bu, mənim üçün onlayn şahmatda rekorddur. Qısa müddətdə bu qədər sürətli görüş oynamamışam. Lakin rapid üzrə dünya çempionluğunu qaanmağım kifayət qədər yaxşı oynadığımı göstərir (gülür)".