
"Turnirin qalibi olmaq üçün əlimdən gələni edəcəyəm".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Shusha Chess 2022”nin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
37 yaşlı qrossmeyster yarışın Şuşada təşkilinin onlar üçün çox xoş olduğunu bildirib: "Dünya arenasında öz sözünü demiş qrossmeysterlər buradadır. Bizi çətin mübarizə gözləyir, həyəcanlıyıq".
Məmmədyarov Azərbaycan təmsilçisinin qalib olması üçün də çalışacaqlarını söyləyib: "Son vaxtlar çox yarışa qatıldığım üçün hədsiz dərəcədə yorğunam. ABŞ-da 5 turnirdə iştirak etdim. Bunların hamısı yorğunluğa səbəb olur. Amma Şuşanın havası bu yorğunluğu aradan qaldıracaq".
İti zəka sahibi yarışın formatının ona uyğun olduğunu sözlərinə əlavə edib: "Rapid və bilts Azərbaycan şahmatçılarının ən güclü yeridir. Formatın bu cür olması ölkə təmsilçilərini favorit edir".
Qeyd edək ki, bu gün start götürən turnir sentyabrın 24-də başa çatacaq.