
"Sportsman" jurnalının təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr olunmuş stolüstü tennis üzrə turnir keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Stolüstü Tennis Federasiyasının sponsorluğu ilə keçirilən yarışda mətbuat təmsilçiləri ilə yanaşı, incəsənət işçiləri də mübarizə aparıb.
Yarışda 32 kişi və 20 qadın idmançısı iştirak edib. Olimpiya sistemi üzrə keçirilən turnirdə Sportnet.az Ceyhun Əliyevlə təmsil olunub. Turnirin ilk mərhələsindən Bəhruz Səmədov ("Ömür yolu") və Rəşad Qəmərşahoğlunun ("Sportsman") rəqib tanımayacağı aşkar sezilib.
Ustalıq səviyyəsi digər iştirakçılardan aşkar üstün olan bu tandem inamla finaladək irəliləyib. Lakin Sportnet.az-ın redaktoru da mükafatçılar sırasına düşməyi bacarıb.
Ardıcıl 3 rəqibini sıradan çıxaran Əliyev yarımfinalda Rəşad Qəmərşaoğluna məğlub olub. Digər yarımfinalda isə Bəhruz Səmədov "Olimpiya dünyası" qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyevdən güclü olduğunu sübuta yetirib.
Gərgin mübarizə şəraitində keçən 3-cü yer uğrunda qarşılaşmada Ceyhun Əliyev Aslan Şirəliyevi məğlubiyyətə uğradaraq "bürünc medal"ın sahibi olub.
Finalda Bəhruz Səmədov Rəşad Qəmərşaoğludan üstün oyun nümayiş etdərərək, kişilərin yarışmasında turnirin qalibi olub.
Qadınların turnirində qalib adını Gülzar İbrahimova ("Sehrli aləm") qazanıb. O, finalda Almaz Hüseynovanı ("Turan teleteatrı") məğlub edib. Üçüncü yerə isə Aidə Zeynalova (şairə) layiq görülüb.
Turnirin bağlanış mərasimində Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov mətbuat işçilərini bayram münasibəti ilə təbrik edib, qaliblərə qiymətli hədiyyələr və pul mükafatları təqdim edib.
Qeyd edək ki, bu, Sportnet.az-ın KİV-lərin yarışmasında 2-ci uğurudur. May ayında "Azərbaycan" Nəşriyyatının təşkil etdiyi ənənəvi şahmat turnirinin qalibi adını da Ceyhun Əliyev qazanıb.