
Beynəlxalq Akademik Avarçəkmə Federasiyası (FİSA) Azərbaycan təmsilçisi Boris Yotovu dekabr ayının yüksələn ulduzu ("Rising star”) seçib. Sportnet.az-ın məlumatına görə, bu barədə FİSA-nın rəsmi saytında bildirilir.
Xəbərdə deyilir: "18 yaşlı Boris Yotov Azərbaycanın perspektivli avarçəkənidir. O, 2013-cü ildə yeniyetmələr arasında 1 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Bu il Yotov Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla gümüş medala sahib olub. O, artıq yüksək səviyyəli idmançı olduğunu böyüklər arasında builki Avropa və Dünya Kubokunda 2 nəfərlik qoşa avarlı qayıqla yürüşdə gümüş medal qazanmaqla göstərib. Bu səbəblərdən FİSA Yotovu avarçəkmə dünyasında yüksəlişdə olan idmançı seçib”.
Qeyd edək ki, Boris Yotov 2 nəfərlik qayıqla 2000 metr məsafəyə yürüşdə Avropa çempionatı və Dünya Kubokundakı uğurlarını Aleksandr Aleksandrovla birgə qazanıb.