
Bu gecə Azərbaycan futbolunun tarixinə yeni uğurlu səhifə yazılıb. Sportnet.az-ın məlumatına görə, birdən-birə ölkənin iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Ağdam komandası buna ardıcıl ikinci mövsüm nail olub. Baş məşqçi Qurban Qurbanovun komandası İsveçrədə 1:0 hesabı ilə yendiyi "Yanq Boyz"u evdə darmadağın edib - 3:0.
"Qarabağ" bu uğura ilk dəfə nail olduğu vaxt "Qəbələ" Avroliqada debüt edirdi. Amma ilk mövsümündə I təsnifat mərhələsini keçə bilməyən "qırmızı-qaralar" baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında buna cari mövsümdə nail olublar. Gürcüstanın "Dinamo" (Tbilisi), Serbiyanın "Çukariçki" və Kiprin "Apollon" komandalarını mübarizədən kənarlaşdırdıqdan sonra "Qəbələ" Yunanıstan "Panatinaikos" səddini də iki oyunun nəticəsində səfər qolları sayəsində adlamağı bacarıb. Bir həftə öncə Bakıda 0:0 hesablı heç-heçədən sonra Azərbaycan təmsilçisi səfərdə Dodonun "dubl"u sayəsində məhsuldar bərabərliyə nail olub - 2:2.
Əslində bu uğuru ötən mövsüm də əldə etmək mümkün idi. Amma "Neftçi" Serbiyada 2:3 hesabı ilə uduzduğu "Partizan"a Bakıda da 1:2 hesabı ilə yenilərək, "pley-off" mərhələsində mübarizəni dayandırdı. Halbuki Avroliqanın qrup mərhələsində Azərbaycanı təmsil edən ilk klub məhz "ağ-qaralar" olub.
Qeyd edək ki, "Qarabağ" və "Qəbələ" komandalarının da iştirakı ilə baş tutacaq püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da Monakoda keçiriləcək.