Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax 2020-ci il Tokio Yay Olimpiya Oyunları ilə bağlı 33 idman federasiyasının nümayəndələri qarşısında çıxış edib.
Sportnet.az-ın məlumatına görə, almaniyalı funksioner dopinqə qarşı daha sərt mübarizəyə çağırış edib. Bax, xüsusən, daha əvvəl ölkələri dünya çempionatı və olimpiadalara lisenziyalardan məhrum edən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını (IWF) nümünə göstərib.
O, bəzi beynəlxalq federasiyaların ölkələrə qarşı sanksiya tətbiq etməyi düşündüklərini, lakin IOC-un IWF-nin tətbiq etdiyi yanaşmanı dəstəklədiyini vurğulayıb: "Bu mexanizm fərdi ədalət prinsipinə riayət etməyə imkan verir. Digər tərəfdən bu, milli federasiyaların məsuliyyətini artırır. Hamının bu barədə düşünməsi lazımdır. Ümidvaram ki, "Tokio-2020" ərəfəsində də Pxençxan olimpiadasındakı kimi uğurlu anti-dopinq proqramı tətbiq olunacaq. Yalançıları yarışlardan öncə tutmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, IWF Azərbaycan, Rusiya, Ermənistan, Belarus və Qazaxıstanın 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olunmasına dair qərar çıxarıb. IWF-nin yeni qaydalarına əsasən, 2008 – 2020-ci illərdə antidopinq qaydalarını 19 dəfəyə qədər pozan milli assosiasiyalar olimpiadada 2-dən artıq idmançı ilə təmsil oluna bilməzlər. 20 və daha çox dopinq pozuntusu qeydə alınan assosiasiyalara isə 1 yer veriləcək.