Böyük Britaniyanın paytaxtı Londondakı boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin ikinci yarış günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, Cavid Çələbiyev (63 kq) 1/16 final görüşündə Kiril Rusinov (Bolqarıstan) ilə üz-üzə gəlib. Qarşılaşma 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə dünya çempionunun xeyrinə yekunlaşıb. Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.
Rauf Rəhimov (91 kq) isə Mücahit İlyasla (Türkiyə) qarşılaşmadan məğlub ayrılaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, bu gün Azərbaycanın 4 boksçusu gücünü sınayacaq. Rüfət Hüseynovla (52 kq) Lorenzo Sotomayor (69 kq) ilk görüşünə çıxacağı halda, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.