Tokio-2020 Paralimpiya Oyunlarının məşəli 2016-cı ildə 19 əqli qüsurlu şəxsin qətlə yetirildiyi Saqamihara şəhərində yandırılacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə şəhər adminstrasiyasından "Kyodo" agentliyinin sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, bu addım faciənin yaddaşlardan silinməməsi üçün atılacaq: "Hadisənin üstündən 5 il ötüb. Məqsəd odur ki, insident unudulmasın. Qərəz və ayrıseçkiliyin olmayacağı ədalətli cəmiyyət yaratmaq istəyirik. Saqamiharadakı mərasim Paralimpiya hərəkatının əsas prinsipi ilə üst-üstə düşən hər hansı bir ayrı-seçkiliyin kökünü kəsmək arzusunun simvoluna çevriləcək".
Paralimpiya oyunları 24 avqust - 5 sentyabrda keçirilməlidir.
Xatırladaq ki, Satosi Uematsu adlı bir nəfər 2016-cı il iyulun 26-na keçən gecə əqli imkanları məhdud olan əlillər internatına silahlı hücum edərək, 19 nəfəri qətlə yetirib. Hadisə nəticəsində 20 nəfər yaralanıb.