"Quba"nın basketbolçusu Davonte Kraven klubun mətbuat xidmətinə müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Quba" son turda “Ordu”ya qalib gəlməyi bacardı. Matç sizin üçün necə alındı, qələbəni necə şərh edərdiniz?
- Qələbə qazanmalı olduğumuzu bilərək bu oyuna çıxmışdıq. Bundan əvvəlki turda da qalib gəlmişdik. Hamımız diqqətimizi “Ordu” ilə matça cəmləmişdik. Öz işimizi yaxşı səviyyədə gördük və qalib gəldik. Növbəti oyunda da bu seriyanı davam etdirməyi planlaşdırırıq.
- Bu matçda Kameron Consla eyni xalı topladınız. Performansınızdan razı qaldınız?
- Bəli, Kameronla yaxşı oynadıq. Amma daha yaxşısını edə bilərdik. Ümumilikdə isə komandamızın yaxşı oynadığını düşünürəm. Gözləntilərim hər ikimizin verdiyi performansdan qat-qat yüksəkdir.
- Növbəti turda “Şəki” ilə qarşılaşacaqsınız. Bu matç haqqında nə düşünürsünüz?
- “Şəki” ilə matça fokuslanmışıq. Mənə elə gəlir ki, bu matçda qalib gələcəyik və seriyamızı davam etdirəcəyik. Təbii ki, asan olmayacaq. Çünki rəqibimiz də yaxşı komandadır. Azərbaycan Basketbol Liqasında qalib gələ bilməyəcəyimiz komanda yoxdur.
- Komanda ev oyunlarını Qubada keçirir. Orada oynamağı üstünlük hesab etmək olar?
- Qubada azarkeşlərimizin dəstəyi altında oynamaq böyük üstünlükdür. Onlar bizə arenanı evimiz kimi hiss etdirirlər. Təbii ki, evdə oynamaq hər zaman yaxşıdır. Biz də qalib gələrək azarkeşlərimizi sevindirmək istəyirik.