
Qadın voleybolçular arasında Tailandın paytaxtı Banqkokda keçirilən dünya çempionatının qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, final oyununda Türkiyə və İtaliya milliləri üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüş İtaliyanın tay-breykdə qələbəsi ilə yekunlaşıb - 3:2.
İlk setdə 23:25 hesabı ilə uduzan Türkiyə yığması ikinci setdə tarazlığı təmin edib - 25:13.
Üçüncü seti İtaliya millisi yenidən öndə tamamlayıb - 26:24. Lakin dördüncü setdə "Filenin Sultanları" 25:19 hesabı ilə öndə tamamlayıb.
Nəhayət, "tay-breyk"də 15:8 hesabı ilə öndə tamamlayan İtaliya tarixində ikinci dəfə dünya çempionu olub. Daha öncə bu komanda 2002-ci ildə bu titulu əldə etmişdi.
Türkiyə isə dünya çempionatları tarixində ilk dəfə finala yüksəlməklə, gümüş medalçı olub.
Görüşün ən məhsuldar oyunçusu "Filenin Sultanları"ndan Melissa Varqas olub. O, 33 xal toplayıb. Komandada sonrakı yerləri kapitan Eda Erdem Dündar 19, Ebrar Karakurt 12 xalla tutub. Erdem həm də çempionatın ən yaxşı mərkəz oyunçusu sayılıb.
Qeyd edək ki, 3-cü yer uğrunda görüşdə Braziliya Yaponiyaya 3:2 (25:12, 25:17, 19:25, 27:29, 18:16) hesabı ilə qalib gələrək, bürünc medal əldə edib.