Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov III MDB Oyunlarında bürünc medal qazanmış voleybolçu qızlardan ibarət U-15 komandasının üzvləri ilə görüşüb.
Qurumun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev, Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiya nümayəndələri, U-15 yığmamızın oyunçuları, məşqçilər heyəti və valideynlər iştirak edib.
Ş.Bağırov ilk olaraq komandanın oyunçularını və məşqçilər heyətini bürünc medal münasibətilə təbrik edib. Federasiya prezidenti bu mükafatı AVF-nin uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin uğurlu nəticəsi kimi dəyərləndirib.
Ş.Bağırov yeniyetmə voleybolçulara daim öz üzərlərində yaxşı çalışmalarını, gələcəyin güclü, tanınmış voleybolçusu olmaq, əsas millimizin heyətində yer almaq üçün hər zaman ciddi səylə göstərmələrini tövsiyə edib, onlara qarşıdakı yarışlarda və karyeralarında uğurlar arzulayıb. Federasiya rəhbəri hər zaman övladlarının yanında olan və onlara dəstək olan valideynlərə də təşəkkürünü bildirib.
Sonra Faiq Qarayev, Bəhruz Quliyev və Faiq Orucov çıxış edərək federasiya tərəfindən ölkədə uşaq və yeniyetmə voleybolunun inkişafı istiqamətdə işlərin davam etdirildiyini bildiriblər, həm qızlar, həm də oğlanlardan ibarət komandaların yaxın gələcəkdə daha böyük uğurlar qazanacağına inamlarını ifadə ediblər.
Tədbirdə çıxış edən komandanın baş məşqçisi Şahin Çatma, yeniyetmə voleybolçular və valideynlər AVF rəhbərliyinə yaradılan şəraitə və voleybolun inkişafı ilə bağlı görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.













































































