Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan qadın voleybolçulardan ibarət milli komanda ilə görüşüb.
Sportnet.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident və yığmamızın baş məşqçisi Faiq Qarayev, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri, federasiyanın əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ş.Bağırov ilk olaraq voleybolçuları və məşqçilər heyətini təbrik edib. Bildirib ki, Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarının favoritlərindən biri olan milli finala qədər irəlilədi. 57 ölkənin mübarizə apardığı yarışda ümumi medal sıralamasında 10-cu yeri tutan Azərbaycan komandasının İslam Oyunlarında 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc olmaqla, ümumilikdə 59 medal qazandığını vurğulayan Ş.Bağırov bu mükafatlardan birinin də voleybolçular tərəfindən əldə olunmasını yüksək qiymətləndirib.
O, Prezident İlham Əliyevin yarışda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalamasını idmana göstərilən diqqət və qayğının göstəricisi olduğunu söyləyib.
2025-ci ildə Azərbaycan voleybolunun bir sıra uğurlar qazandığını diqqətə çatdıran federasiya prezidenti vurğulayıb ki, Gəncədə keçirilən III MDB Oyunlarında qızlardan ibarət U-16 yığmamız bürünc medal qazanıb. Gələn il ölkə voleybolu üçün əlamətdar il olacağını deyən Ş.Bağırov bildirib ki, voleybolçularımız Avropa Liqası ilə yanaşı, qitənin ən nüfuzlu yarışında da mübarizə aparacaqlar.
Ölkənin də ev sahibi olduğu 2026-cı il Avropa çempionatında təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərliyi ilə millinin qrupdan çıxaraq növbəti mərhələlərə yüksələcəyinə əminliyini ifadə edib. O, bir daha voleybolçuları və məşqçilər heyətini təbrik edib, qarşıdakı yarışlarda onlara uğurlar arzulayıb.
Baş məşqçi Faiq Qarayev çıxış edərək bildirib ki, komandanın bir neçə aparıcı oyunçusu müəyyən səbəblərdən yarışa qatıla bilmədilər, bu da xüsusilə finalda özünü göstərdi. 2017-ci ildə qızıl, 2022-ci ildə bürünc medal əldə edən yığma bu dəfə gümüş medal qazanmaqla favoritlərdən olduğunu bir daha göstərdi. O, 2026-cı ildə komandanı ciddi sınaq gözlədiyini, iyunda Avropa Liqası, avqust-sentyabr aylarında isə Avropa çempionatı keçiriləcəyini bildirib.
Avropa çempionatının bir qrupuna Azərbaycan ev sahibliyi edəcək. Vurğulayıb ki, Bakıda Gimnastika Arenasında keçiriləcək qitə birinciliyində məqsəd qrupdan çıxıb pley-offa vəsiqə qazanmaqdır. F.Qarayev ölkə çempionatı başa çatandan sonra millinin hazırlıqlarının başlayacağını nəzərə çatdırıb. Hazırda xarici çempionatlarda çıxış edən digər aparıcı oyunçuların da gəlməsi ilə millinin daha da güclənəcəyini deyən mütəxəssis komandanın Avropa birinciliyində uğurlu nəticə qazanması üçün əlindən gələni edəcəyini bildirib.
AVF-nin vitse-prezidenti Bəhruz Quliyev də voleybolçuları və məşqçilər heyətini təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Görüşdə millinin oyunçuları və məşqçilər heyəti çıxış edərək onlara göstərilən dəstəyə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər.
























































































