""Telekom"la bugünkü matçda ilk setlə 3-cü arasında çox fərq var idi. Qızlar son setdə özlərinə inamı artırmağa başladılar. Lakin bu kifayət etmədi".
Bu fikirləri Sportnet.az-a açıqlamasında qadın voleybolçulardan ibarət "Lokomotiv" klubunun baş məşqçisi Vüqar Əliyev bildirib. Azərbaycan Super Liqasında cari mövsümün ilk dövrəsində keçirdiyi hər 3 oyunda məğlub olan "dəmiryolçular" son pillənin sahibidir. Komanda son məğlubiyyətibi bu gün lider "Telekom"dan 0:3 hesabı ilə alıb.
Əliyevin fikrincə, indiki "Lokomotiv" bir vaxtlar iddialı olan komandadan çox fərqlənir: "Hazırkı "Lokomotiv” yeni yığılıb. Tamamilə gənclərdən ibarətdir. İstəyirik ki, komandanın adını əvvəlki kimi zirvələrə qaldıraq. Amma bu, birdən-birə alınası iş deyil. Hamısı tədricən olur. İnanıram ki, daha çox çalışmaqla gələcəkdə bu nailiyyətləri əldə edə biləcəyik".
Baş məşqçi yenidən Çempionlar Liqasında mübarizə aparan "Lokomotiv”i bərpa edəcəklərini bəyan edib: "Bir neçə transfer edib daha da güclənəcəyik. Bizim üçün əsas olan azərbaycanlı voleybolçular yetişdirməkdir. Buna görə də gənclərə önəm veririk. Bu komandaya bir neçə voleybolçu transfer etsək, müqavimətə davamlı kollektiv yaratmış olarıq".