İtaliya, Niderland və İslandiya yığmaları basketbol üzrə Dünya Kubokunun seçmə mərhələsində Rusiyaya qarşı oyunlara çıxmaqdan imtina edib.
Sportnet.az-ın İtaliya Basketbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu addım Avropanın digər ölkələrinin qərarından və yerli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqonun açıqlamasından sonra atılıb.
Qərara alınıb ki, 2023-cü il Dünya Kubokunun I təsnifat mərhələsində 1 iyula planlaşdırılan beşinci matç oynanılmasın. Analoji qərarı H kvartetində çıxış edən Niderland və İslandiya da qəbul edib.
Martın 1-də Beynəlxalq Basketbol Federasiyası (FIBA) Rusiya komandaları və klublarını yarışlardan kənarlaşdırıb. Martın 25-də FIBA Mərkəzi Şurasının iclasında qüvvədə olan tədbirlərin mayın ortalarınadək saxlanılması təsdiqlənib. Həmin vaxtadək Ukraynadakı vəziyyətə yenidən qiymət veriləcək və müvafiq qərar çıxarılacaq.
Qeyd edək ki, turnir cədvəlində birinci yeri 3 oyundan 6 xalla Rusiya tutur. 4 oyundan hərəyə 6 xala malik İtaliya və İslandiya 2-3-cü yerləri bölüşür. Sonuncu pillədə isə 3 oyundan 3 xalı olan Niderland qərarlaşıb.