1996-cı ildən etibarən Olimpiadalarda təmsil olunan Azərbaycan adına artıq bir ilk yaşanacaq.
Sportnet.az xəbər verir ki, qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmiz ilk dəfə olaraq komanda idman növündə təmsil olunacaq.
Bu tarixi uğuru reallaşdıran isə 3x3 basketbol üzrə qadınlardan ibarət milli komandamızdır. Qızlarımız bu tarixi zəfəri Honkonqda əldə etdilər. Dina Ulyanova, Aleksandra Mollenhauer, Tiffani Heys və Mersedes Volkerdən ibarət yığma "Paris 2024" yolunda qazanılan bu qələbənin əsas memarlarıdırlar. Gəlin millimizin üzvləri ilə daha yaxından tanış olaq.
34 yaşlı Dina Ulyanova bakılıdır. O Bakıda doğulub və Azərbaycanda basketbol oynamağa başlayıb. Daha sonra karyerasını klub səviyyəsində Rusiyada davam etdirən Dina hazırda isə millimizlə yanaşı, "Neftçi" klubunun da üzvüdür.
25 yaşlı Aleksandra Mollenhauer 5 yaşından Bakıda yaşayır. Valideynləri işlə əlaqədar ABŞ-dan Azərbaycana köçüblər və indi də burada işləyirlər. Aleksandra Azərbaycan basketbol məktəbinin yetirməsidir. İndi o, İspaniyanın "Estudiantes" klubunda oynayır. Atası Skott Mollenhauer əvvəllər Azərbaycan klublarında oynamış keçmiş basketbolçu, indi isə qadınlardan ibarət əsas yığmanın köməkçi məşqçisidir.
34 yaşlı Tiffani Heys və 37 yaşlı Mersedes Volker vətəndaşlıq almış amerikalılardır. Onlar 2015-ci il Avropa Oyunlarından Azərbaycan millisində çıxış edirlər.
Qeyd edək ki, Ulyanova, Mollenhauer və Volker 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Azərbaycan milli komandasının heyətində yer alıblar. Ulyanova, Mollenhauer və Heys isə 2022-ci ildə Türkiyənin Konya şəhərində keçirilən İslamiadanın qalibidirlər.