"Turan" voleybol komandası çempionatın ikinci yarımfinal matçında "Gəncə" üzərində qələbə qazanıb - 3:0.
Sportnet.az xəbər verir ki, region təmdilçisinin baş məşqçisi Ziya Rəcəbov qarşılaşmadan sonra verdiyi açıqlamasında hər iki oyunda 3:0 hesabı ilə qalib gələrək finala adlamaları barədə belə danışıb:
"Bu gün tarixi, bayrama bərabər gün idi. Cəmi səkkiz ay əvvəl yaradılan region komandasının finala vəsiqə qazanması böyük uğurdur. Bizi çempionluqdan cəmi bir oyun ayırır. Rəhbərliyi, qızları, azarkeşləri təbrik edirəm. 3:0 hesabına baxmayaraq, asan qələbə olmadı. "Gəncə" də yaxşı hazırlaşmışdı, itirəcək heç nələri yox idi.
İnanıram ki, "Turan" finalda da qalib gələcək və daha yaxşı oyun nümayiş etdirəcək. Çempionluğu əldən verməyə haqqımız yoxdur. Final seriyası iki oyundan ibarət olmalıdır, ancaq bizdə reqlament fərqlidir. Bu, federasiyanın qərarıdır və biz heç nə deyə bilmərik. Final matçımız 19-dadır və edə biləcəyimiz tək şey yaxşı hazırlaşmaq və çempion olmaqdır".












































































