İrlandiyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı "An Post Ras” veloyürüşünün 7-ci mərhələsi Azərbaycanın "Synergy Baku” komandası üçün daha bir uğurla yadda qalıb. Sportnet.az-ın məlumatına görə, 36 kollektivin iştirak etdiyi yarışın 147.7 km-lik bu mərhələsində "Synergy Baku”nun üzvü Markus Eybegerin dağ kralı nominasiyasında liderliyə yüksəlib.
6-cı mərhələdə ən yaxın izləyicisini 6 saniyə qabaqlamaqla finiş xəttini 1-ci keçən Markus Eybeger 7-ci mərhələdə 6-cı yeri tutmasına baxmayaraq, ən yaxşı dağ velosipedçisinə verilən köynəyi ələ keçirməyi bacarıb və bu gün keçiriləcək sonuncu mərhələdə onu qorumağa çalışacaq. O, ötən ay Fransada Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour de Bretagne” yürüşünün 4-cü mərhələsinin də qalibi olub. İrlandiya turunun 3-cü mərhələsində isə "Synergy Baku”nun digər üzvü Yan Sokol mərhələ qalibiyyətinin sevincini yaşayıb.
7 mərhələdən sonra ümumi sıralanmada Kristof Şvayzer liderdən 55 saniyə geri qalmaqla əvvəlki kimi 5-ci mövqedə qərarlaşır. Bu gün keçiriləcək sonuncu, 8-ci mərhələdə iştirakçılar 134.3 km məsafə qət edəcəklər.