Azərbaycanın ilk peşəkar
velosiped komandası "Synergy Baku”nun üzvü Lük Deyvison gələn ay Avstraliya milli
komandasının heyətində daha bir nüfuzlu yarışda çıxış edəcək. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, ölkəsinin trek üzrə yığma komandasının velosipedçisi iyulun 23-dən avqustun3-dək Şotlandiyanın Qlazqo şəhərində təşkil olunacaq sayca 20-ci "Birlik Oyunları”nda mübarizə aparacaq.
Böyük
Britaniya imperiyasına daxil olan ölkələr arasında təşkil edilən "Birlik
Oyunları” hər 4 ildən bir keçirilir. Yarışların proqramına velosiped idmanının mounten
bayk (dağ velosipedi), şosse və trek növləri də daxildir.
Bu ilin fevralında Kolumbiyanın
Kali şəhərində keçirilən trek üzrə dünya çempionatında Avstraliya milli
komandasının heyətində 4000 metr məsafəyə komanda izləmə yarışında qızıl medal
qazanan Lük Deyvisonun adı artıq "Birlik Oyunları”nda iştirak edəcək heyətə salınıb.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.
Sevinc XANQIZI