"Qarabağ"la "Qəbələ"nin Avropa Liqasındakı rəqiblərindən 5-i öz ölkələrinin çempionatlarında növbəti oyunlarını keçirib. Sportnet.az-ın məlumatına görə, yalnız "Anderlext"in Belçika yüksək liqasında "Lokeren"lə səfər qarşılaşması terror təhlükəsi səbəbindən baş tutmayıb.
"Qarabağ"ın digər rəqibləri isə turu qələbə ilə başa vurub. Ötən gün "Monako" Fransa I Liqasının XIV turunda "Nant"ı evdə 1:0 hesabı ilə yenibsə, bu gün "Tottenhem" İngiltərə Premyer Liqasındakı XIII tur qarşılaşmasında öz meydanında "Vest Hem"i darmadağın edib - 4:1. Qollardan 2-ni 23-cü və 50-ci dəqiqələrdə Harri Keyn vurub. 33-cü dəqiqədə Tobi Alderveyreld, 83-cü dəqiqədə Kayl Uolker fərqlənib. "Vest Hem"in təsəlli qoluna isə 87-ci dəqiqədə Manuel Lanzini imza atıb. Bu nəticələrdən sonra "Monako" 23 xalla 6-cı, "Tottenhem" isə 24 xalla 5-ci pillədə qərarlaşıb.
"Qəbələ"nin rəqiblərindən isə heç biri qalib gələ bilməyib. PAOK XI turun görüşündə "Panetolikos"un qapısına yol tapa bilməyib - 0:0. "Krasnodar" Rusiya Premyer Liqasının XVI turunda Moskvada "Spartak"a uduzub - 2:3. Qonaq komandadan 23-cü dəqiqədə Ari, 81-ci dəqiqədə Andreas Qrankvist, meydan sahiblərindən isə 27-ci və 53-cü dəqiqələrdə Denis Qluşakov, 29-cu dəqiqədə Kvinsi Promes fərqlənib. "Spartak"ın penaltidən fərqlənmək imkanını isə Dmitri Kombarov qaçırıb. Dortmund "Borussiya"sı ilə Almaniya Bundesliqasında XIII turun açılış matçında səfərdə "Hamburq"a uduzub. Bu nəticələrdən sonra PAOK 16, "Krasnodar" 24 xalla 6-cı, "Borussiya" isə 29 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ" evdə "Kəpəz"i darmadağın edib - 3:0. "Qəbələ" isə səfərdə "Sumqayıt"la bacarmayıb - 2:2.