Azərbaycanın FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində ilk oyununu idarə edib. Sportnet.az-ın məlumatına görə, o, Avstriyanın paytaxtı Vyanada keçirilmiş "Rapid" və "Dinamo" (Minsk, Belarus) komandalarının oyununun baş hakimi olub.
Ernst Happel stadionunda Ağayevə yan xətt hakimi qismində Zeynal Zeynalov və Rza Məmmədov kömək edib. Rəhim Həsənov və Orxan Məmmədov isə oyunun əlavə köməkçi hakimləri olublar. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib.
Oyun ərzində azərbaycanlı referi önəmli epizodlarda düzgün qərarları ilə diqqət çəkib. Referi Minsk təmsilçisinin qapısına penalti təyin etsə də, "Rapid" bundan yararlana bilməyib. Yan xətt hakimləri isə matçda oyundankənar vəziyyətlərin olub-olmamasını dəqiq qiymətləndiriblər.
Qeyd edək ki, oyun "Rapid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qələbə nəticəsində Avstriya klubu E qrupunun lideri kimi mərhələ adlayıb.