"Bakı" klubunun təlim-məşq bazasındakı təbii meydançaların ot örtüyünün də sıradan çıxma təhlükəsi yaranıb. Bu barədə Sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
Onun sözlərinə görə, səbəb meydanlara qulluq üçün lazımi məbləğdə vəsaitin olmamasıdır. Seyidov bildirib ki, baza daxilində ümumilikdə 6 təbii örtüklü meydança var. Onlar FİFA-nın lisenziya verdiyi şirkət tərəfindən "Bakı"nın vəsaiti hesabına inşa olunub. Meydançaların saxlanılmasına hər ay orta hesabla 7 min manat vəsait tələb olunur ki, bu da ümumilikdə 42 min manat edir. Klubun prezidenti Hafiz Məmmədovun üzləşdiyi məlum durum nəinki komandanın, hətta klub infrastrukturunun vəziyyətinə ciddi təsir edib.
Digər tərəfdən, bazaya su, işıq və qaz kommersiya qiymətinə satılır. Məsələn, "Azərsu" idman qurğusuna suyun hər kubmetrini 1 manat 30 qəpiyə verir. Yəni, bazaya gəlirlə işləyən müəssisələr kimi yanaşılır: "Halbuki bu bu idman qurğusu indiyədək bir çox xarici ölkə yığması Bakıya rəsmi oyunlarla bağlı səfərləri zamanı məşqlərini məhz bu meydançalarda keçib. 2012-ci ildə 17 yaşadək qızlar arasında keçirilmiş dünya çempionatı zamanı bir çox ölkənin yığması bizim bazadan yararlandı. 2017-ci ildə Bakıda yeniyetmələr arasında təşkil olunacaq Avropa çempionatı və 2020-ci ildə keçiriləcək Avropa çempionatına namizəd qismində göstərilən paytaxtımızın qonaq komandalar üçün məşq sahələri qismində "Bakı"nın bazası göstərilib. Bütün bunların fonunda böyük bir təlim-məşq məkanının problemlərinə çarə tapılmaması acı reallıqdan xəbər verir. Xüsusən, Bakıda təbii örtüklü meydançalarla bağlı problemlərin yaşandığı, Tofiq Bəhramov adına Respublika stadionu və "Bakcell Arena"nın ot örtüyünün pis vəziyyətə düşdüyü bir məqamda "Bakı"nın bazasında da eyni halın yaşanması xoş perspektivdən xəbər vermir".
Seyidov bildirib ki, "Bakı"nın bazası təkcə kluba deyil, Azərbaycan futboluna lazım olan idman qurğusudur. Bu səbəbdən, klub rəsmisi yaxın vaxtlarda AFFA, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə kömək üçün müraciət edəcəklərini açıqlayıb.
Qeyd edək ki, ”Bakı”nın təlim-məşq bazası 10 hektardan artıq ərazidə futbol meydanları, qapalı idman zalı, 400 nəfərlik futbol akademiyası, inzibati binalar, mətbuat mərkəzi, yardımçı texniki tikililər, hovuz və futbolçuların ixtiyarına verilmiş 4 ulduzlu oteldən ibarət müasir idman kompleksidir. Bazanın inşası 2012-ci ildə başa çatdırılıb. Açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Futbol meydançalarından 2-si qızdırılma sistemi ilə təhciz olunub. Bazanın əsas stadionu yenidən qurularaq 3.000 azarkeş tutumlu arenaya çevrilib. Yaxın zamanlarda 4000 azarkeş tutumuna malik qapalı universal idman zalının inşası planlaşdlrılır. Baza daxilində ”Bakı” klubunun akademiyası da fəaliyyət göstərir. 2012-ci ildə Azərbaycanda baş tutmuş 17 yaşadək qızlar arasında dünya çempionatı iştirakçıları 5 həftə ərzində ”Bakı”nın bazasının meydanlarında məşq ediblər. Fransa, Qana, ABŞ, Almaniya, Şimali Koreya, İsveç, Braziliya, Kanada, Çin, Yaponiya, Meksika, Yeni Zellandiya, Nigeriya, Uruqvay, Kolumbiya, Qambiya kimi ölkələrin milli komandalarının nümayəndələri bazada hərəsi iki saat olmaqla üst-üstə 68 məşq keçiriblər.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |