Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü bu ilin dekabr ayında ABŞ-da keçirə bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə Səmədovun özü açıqlama verib.
O bildirib ki, döyüş keçirilməsi üçün digər təkliflər də gəlib. Təkliflər arasında gələn ilin fevral-mart aylarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək V "Global Fighting Championship” (GFC) adlı turnirə dəvət də var. Hansı ki, "Mauqli” ləqəbli məşhur azərbaycanlı sonuncu döyüşünü də məhz bu turnirdə iranlı döyüşçü Cafar Ahmadiyə qarşı keçirib və qalib gəlib. Döyüş oktyabrın 16-da Dubay şəhərində baş tutub.
Səmədov deyib: "Bu görüş bəzi döyüşlərə nisbətən ağır oldu. Müqayisə üçün deyim ki, axırıncıdan əvvəlki döyüşdə 10 saniyəyə nokautla qalib gəlmişdim. İranlı ilə döyüşdə isə 3 raund döyüşdük və xal hesabı ilə uddum. Döyüşün çətin keçməsinin səbəblərinə gəlincə, düzü, tam hazır deyildim, bəzi zədələrim var idi. Bundan başqa, döyüş təklifini cəmi iki həftə əvvəl dedilər. Bu isə hazırlaşmaq üçün az vaxtdır. Amma buna baxmayaraq, qələbə - qələbədir. Ən önəmlisi odur ki, qələbə qazanaraq bayrağımızı bir daha göylərə qaldırdıq, xalqımızı, həmçinin məni Azərbaycandan, Rusiyadan dəstəkləmək üçün gəlmiş soydaşlarımızı sevindirdik”.
Hazırda istirahət edən idmançımız iki həftədən sonra məşqlərə başlayacaq.
Qeyd edək ki, 30 yaşlı idmançı ən parlaq döyüşlərindən birini 2013-cü ilin mayında "Legenda” turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hariyə qarşı keçirib. Zabit Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib. Qarşılaşmadan sonra "Pis oğlan” ləqəbi ilə tanınan Badr Hari Səmədova əl verməkdən imtina edib. İdmançımız isə rinqdə Azərbaycan bayrağı ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq onu təbrik edib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |