"Nə deyə bilərəm? Çox kədərliyəm və ağlamaq istəyirəm". Sportnet.az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren deyib.
Braziliya ilə DÇ-2014-ün açılış matçında həlledici cərimə zərbəsinin səbəbkarı yaponiyalı baş hakim Yuiti Nasimuranın qalmaqallı qərar verdiyini bildirib: "Hamı bunu gördü. Bu, qalmaqaldır. Biz hörmətdən danışırıq, mundial öncəsi görüşlər keçirilir, FİFA rəsmiləri bizimlə hakimlikdən danışırlar. Amma nə baş verir? Ən yaxşısı kuboku dərhal Braziliyaya verməkdir. Fikrimcə, yaxşı oyun keçirdik və göstərdik ki, 12 oyunçuya yox, Braziliyaya qarşı bərabər səviyyədə çıxış edə bilərik. Meydanı başı uca tərk edik. Əminəm ki, qrupdan çıxa bilərik. Hələ də anlaya bilmirəm ki, referi həmin anda necə fit çala bilər? Biz oyundan sonra paltardəyişmə otağında videogörüntülərə baxdıqda, hamı bu sualı verirdi".
Lovren baş hakimin ingiliscə bilməməsinə də irad tutub: "Mənim sarı vərəqə almağımın səbəbini referidən soruşun. Əgər soruşa bilsəniz. Çünki o, ingiliscə bilmir. Sizcə, dünya çempionatının hakiminin ingiliscə bilməməsi normaldır?"