Fransa millisinin baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatından sonra vəzifəsindən ayrılacaq.
Sportnet.az xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssisin özü açıqlama verib. O, qərarını mundialdan sonra müqaviləsini uzatmayacağı ilə əlaqələndirib.
"Mən 2012-ci ildən buradayam və DÇ-2026-dək qalacağam. Bununla da hər şey başa çatacaq. Çünki belə lazımdır. Mənim qərarımdır" deyən Deşam sözlərinə bunları əlavə edib: "Yaxşı işin başa çatmasını heç vaxt istəmirsən. Amma dayanmaq vaxtının da yetişdiyini bilmək lazımdır. Bundan sonrakı həyat da var. Necə olacağını hələlik bilmirəm. Amma hər şey yaxşı olacaq. 14 il - çoxdur. Ən vacibi odur ki, Fransa zirvədə qalsın".
Qeyd edək ki, Didye Deşamın rəhbərliyi altında Fransa millisi 2018-ci il dünya çempionatının və 2020/2021 mövsümündə UEFA Millətlər Liqasının qalibi, eləcə də DÇ-2022 və AVRO-2016-nın gümüş medalçısı olub.