"İmişli"nin belaruslu qapıçısı Andrey Sinenkanın səfərdə "Neftçi"ni 3:2 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XII tur matçından sonra Sportnet.az- müsahibəsi
- Oyunu necə dəyərləndirərdiniz?
- Çox maraqlı oyun alındı. Hətta deyərdim ki, ümumiyyətlə, hazırkı çempionatın ən baxımlı oyunlarından idi. Çoxlu qol və qol imkanları oldu. Fikrimcə, bu qarşılaşmanı Azərbaycandakı bütün azarkeşlər bəyənməlidir.
- Sizin qurtarışlarınız da qələbənizdə rol oynadı. Bu barədə nə deyə bilərsiniz?
- Dəyər verdiyiniz üçün çox sağ olun. Bu, mənim işimdir, çalışıram. Buna görə hər gün məşq edirik. Azərbaycana komandanı Premyer Liqada saxlamaq üçün mübarizə məqsədilə gəlmişik.
- Belə nəticəni gözləyirdiniz?
- Əlbəttə, çalışırdıq, daim məşqlərdə təhlillər aparır, hazırlaşırdıq. "Neftçi"nin hücumlarına qarşı müdafiəmizi hazırlayırdıq. Baş məşqçimiz Jorj Kaşkilya bizə hər şeyi tam aydın izah etmişdi. Yalnız maksimal nəticəyə köklənmişdik.
- İlk dövrədə heç-heçə etdiyiniz "Neftçi"yə indi qalib gəldiniz. Bu, öz oyununuz inkişafı, yoxsa rəqibin zəifliyi anlamına gəlir?
- "Neftçi" mənim çox xoşuma gəldi. Həm oyun keyfiyyəti, həm də futbolçu seçimi sarıdan çox güclüdürlər. Məncə, bu komanda çempionluğun favoritlərindəndir. Lakin oyunları belə alınır, hansısa problemləri var. Haradasa biz yaxşıyıqsa, bu, bizim əməyimizin nəticəsidir. Keyfiyyətli və yaxşı kollektivə malik "Neftçi"yə uğurlar arzulayıram. Belə alındı. Bu, futboldur. Bilirsiniz, qələbəni, kim çox istəyirsə, o qazanır. Yəqin ki, bu gün qələbəni biz azacıq çox istəyirdik.
- "Neftçi" 2 qolu standart vəziyyətlərdən buraxdı. Bunun üzərində hazırlaşmışdınız?
- Əlbəttə. Heç nə asanlıqla baş vermir. Təbii ki, məşq edir, çalışırıq. Güclü tərəflərimizi bilir və onlardan yararlanmağa çalışırıq. Şadıq ki, məşqimizin nəticəsi müsbət oldu.
Haşım MƏMMƏDOV










































































