Qadın şahmatçılardan ibarət Azərbaycan millisi İspaniyanın Linares şəhərində keçirilmiş dünya çempionatında gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, İlahə Qədimovanın kapitanlıq etdiyi kollektiv finalda FIDE bayrağl altında yarışan Rusiya yığmasına uduzub.
İlk görüşdən 1:3 hesablı məğlubiyyətlə ayrılan milli təkrar qarşılaşmada da uduzub - 1,5:2,5.
Birinci görüşdə milli üzvlərindən Ülviyyə Fətəliyeva Aleksandra Qoryaçkinaya, Xanım Balacayeva Polina Şuvalovaya uduzub, Gövhər Beydullayeva Katerina Laqno, Gülnar Məmmədova Leyla Qarifullina ilə heç-heçə edib.
Cavab qarşılaşmasında isə kapitan İlahə Qədimova heyətdə dəyişiklik edib. O, Xanım Balacayevanı Ayan Allahverdiyeva ilə əvəzləyib. Üstəlik, Qədimova Gülnar Məmmədovanı dördüncü lövhədən üçüncü lövhəyə çəkib.
Fətəliyeva birinci lövhədə Aleksandra Qoryaçkina ilə heç-heçə etsə də, Allahverdiyeva Leyla Qarifullinaya uduzub. Həmçinin, Beydullayeva Katerina Laqno, Məmmədova isə Polina Şuvalova ilə heç-heçə edib.
Beləliklə, Azərbaycan komandası tarixində ilk dəfə dünya vitse-çempionu olub.




































































