"Neftçi"nin kapitanı Emin Mahmudov evdə "İmişli"yə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Nəsə danışmağın mənası yoxdur. Bərbad... Biabırçılıqdır...
- İki dəfə hesabda önə keçsəniz də, dərhal qapınızda qol görürdünüz. Bunu nə ilə əlaqələndirmək olar?
- Qol vurub autdan, yaxud künc zərbəsindən sonra qapımızda qol görürüksə, deməli, problem var. Çox yaxşı şanslarımız oldu. Boş qapıya qol vura bilmirik. Autdansa qol buraxırıq. Faciədir...
- Konkretləşdirsək, məğlubiyyətin səbəbini nədə görürsünüz?
- “İmişli”nin yaxşı oyun üslubu var. Müdafiədə otururlar, rəqibi əks hücumda yaxalamağa çalışırlar. Üstəlik, standart vəziyyətlərdən də yaxşı faydalanırlar. Biz isə çox bərbad oynadıq.
- Vurduğunuz qol baxımlı alındı. Bunun üzərində məşqlərdə xüsusi çalışmışdınız?
- Uduzmuşuqsa, qol barədə danışmağın xeyri yoxdur.
- “Neftçi”nin məşqçisi Mübariz Orucov komandanın uyğunlaşma baxımından problem yaşadığını deyir. Bu fikirlə razısınız?
- Hücumda pis oynamırıq. Epizodlar yaradırıq. Qollar vururuq. Lakin komanda şəklində müdafiədə çox zəif çıxış edirik.
- Turdan-tura “Neftçi”nin avrokuboklar şansı azalır. Bu məqam sizi narahat edir?
- İndi şanslar barədə danışmaq çətindir. Azarkeşlərin gözlədiyi başqadır, bizim oynadığımız başqa... Biabırçılıqdır.
- Növbəti turda “Neftçi”ni çətin Tovuz səfəri gözləyir...
- Çətin deyəndə, onsuz da evdə də uda bilmirik. Deyiləsi bir şey yoxdur. İstənilən halda həmin görüşdə də əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək, onlar üçün nəticə qazanaq.
- Bu tur “Qarabağ” və “Zirə”dən başqa digər iddialıların hamısı xal itirmişdi. Komanda qələbə qazanmaqla turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdıra bilərdi...
- Bəli, ola bilərdi, amma olmadı.
- Azarkeşlər mövsümdə ilk dəfə olaraq “İstefa” şüarı səsləndirdilər. Sizcə, indiki məqamda baş məşqçi dəyişikliyi “Neftçi”yə nə dərəcədə faydalı olar?
- Bu suala cavab verə bilmərəm. İstəyərəm davam edək, yaxşı nəticələr olsun. Lakin bilmirəm necə olacaq. “Neftçi” üçün xeyirlisi nədirsə, o olsun (qol.az).










































































